Şamil Tağıyev: “Rusiyadakı diasporun şəffaflığa ehtiyacı var”

Bugünlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin Rusiya səfəri oldu. Bəs bu səfərin Rusiyadakı diasporumuzun fəallığının artmasında nə kimi rolu ola bilər? Moskva Azərbaycanlıları İcmasının sədri Şamil Tağıyev bu mövzuda “Palitra”ya müsahibə verib

-Bildiyiniz kimi, noyabırın 27-də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Moskvada yaşayan diaspor nümayəndələri ilə görüş keçirdi. Bu görüş diaspor tarixində ilk dəfə idi ki, sərbəst və açıq dialoq şəkilində keçirilirdi. Bunu komitə sədri Fuad Muradovun bizimlə açıq və şəffaf əməkdaşlığa çağrışı kimi dəyərləndirmək olar. Bu görüşdən bir çox fəallar, hansısa qəti addımların atılmasını gözləyirdilər, çünki hələ də bəziləri belə bir düşüncədədir ki, Bakıdan kimsə gəlib, burada diasporun problemlərini həll edəcək və yeni rəhbəri təyin edib gedəcək. Amma komitə sədri və görüşdə iştirak edən səfir Polad Bülbüloğlu bir daha açıq və aydın şəkildə hər kəsə çatdırdılar ki, Bakıdan gəlib nəyisə həll etmək məsələsi ola bilməz. Buna cəhdlər isə çox acı bir nəticələrlə artıq özünü göstədib, elə Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) bağlanma səbəblərində biri də elə bu kimi məsələlər idi.

— Bu gün Rusiyadakı diaspor gənclərinin aktivliyi hansı səviyyədədir?

-Ümumiyyətlə, Rusiyadakı yeni diaspor tariximiz 1996-cı ildən başlayır. İlk yerli təşkilat elə bu ildə açılıb və sonradan, 1999-cu ildə AzerRos, 2001-ci ildə isə ÜAK fəaliyətə başlayıb. Həqiqətən də bu təşkilatların ilkin fəaliyətlərinə bir çox insanlar böyük ümidlər bəsləyirdilər. Buna isə həm siyasi, həm də maiddi imkanlar yol verirdi. Təəssüflər olsun ki, bu təşkilatlardan ümumi yox, şəxsi maraqlar üçün istifadə olunması bu gün diasporadakı böhranın yaranma səbəblərindən biridir. Kimin nə etdiyini mən özüm şəxsən yaxşı görmüşəm, çünki 17 yaşımdan bu təşkilatların içindəyəm. Qaldı ki, gəncliyə yol açmaq və ya dəstək olmaq məsələlərinə, bu proses də çox çətin gedir. 

— Ümumiyyətlə, Rusiyada diaspora yenə nəfəs vermək üçün nəyə ehtiyac var? 

-Rusiyada diasporun yenidən sağlamlaşması üçün ora yeni sağlam qüvvələrin gəlməsinə, böyük modernizasiyaya və şəffaflığa ehtiyac var. Bu proses qaçılmazdır və gec-tez olacaq. 

— Məlumdur ki, hər hansı diasporun fəaliyyəti yaşadığı dövlətin də marağında olmalıdır. Bu baxımdan Rusiyadakı hansı Azərbaycan diaspor təşkilatını qeyd edə bilərsiz?

-Nəinki yaşadığı dövlətin də marağını qorumalıdır, yaşadığımız dövlətin marağı ilk növbədə qorunmalıdır. Çünki biz bu dövlətin vətəndaşlarıyıq, bu dövlətin qanunvericiliyi ilə yaşayırıq və fəaliyyət göstəririk. Qaldı ki, təşkilatların qanunvericiliyi qoruyub ənin-amanlıqla fəaliyyət göstəməsinə, kim bu dəyərlərə qiymət verdisə, indi o təşkilatlar fəaliyyət göstərirlər. Bunlardan federal səviyyədə olanları- Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyatını (AzerRos), Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatını (RAGT) və bir çox regional təşkilatları, həmçinin mənim rəhbərlik etdiyim Moskva Azərbaycanlıları İcmasını göstərmək olar.

Fuad Hüseynzadə

Добавить комментарий

Ваш адрес email не будет опубликован.